“İçərişəhər” sakinlərinin müraciətlərinə baxan yoxdur-Şikayət
- 22-08-2025, 17:43
Bu barədə Pravda.az-a sözügedən ərazidə yaşayan sakinlər məlumat veriblər.
Məlumatda bildirilir ki, problem Rüfət Mahmudun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri vəzifəsinə təyin edilməsindən sonra yaranıb.
Sakinlərin sözlərinə görə, yeni sədr İçərişəhərin giriş hissəsində bina sakinlərinin şəxsi avtomobil saxladıqları əraziləri Dövlət Yol Polisi İdarəsinə müraciət edərək xətlətdirib: “Əvvələr 10-15 avtomobil saxlanılan ərazidə indi 4-5 avtomobilin saxlanılmasına icazə verilir. Digər hallarda isə DYP əraziyə mütəmadi daxil olub, avtomobil sahiblərini 80 manat və 2 balla cərimələyir. Sakinlər evinə yaxınlaşıb, normal şəkildə avtomobili park etmək hüququndan tamamilə məhrum ediliblər. Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə bundan əvvəl rəhbərlik etmiş şəxslərin dövründə sakinlər heç vaxt bu kimi problemlə üzləşməyiblər. Hazırda DYP tərəfindən nişanlamış ərazilərdə yalnız restoranlara gələn müştərilər, şirkət işçilərinin avtomobilləri saxlanılır”.
Məsələni aydınlaşdırmaq üçün Pravda.az “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə soruğu ünvanlansa da, hələ ki mövqe bildirilməyib.( Pravda.az)