Zaur Mikayılovdan Prezidentə ŞİKAYƏT olundu: Bizə BORC yığırlar, su pulunu HESABLAMIRLAR...
- 3-02-2026, 17:33
Ölkənin hər yerində “Azərsu” əməkdaşları hər bir evin nə qədər su məsrəf etdiyini hər ay sayğaca baxaraq hesablayıb vətəndaşa qəbzini təqdim edir. Vətəndaş da ödəniş edərək istifadə etdiyi suyun pulunu ödəyir. Üstəlik, borc ödənməyəndə mənzilin suyu kəsilir. “Sahil – S İnşaat” MTK sakinləri isə Prezidentə müraciətdə deyirlər ki, aylardır sudan istifadə olunur, amma “Azərsu” əməkdaşları gəlib sayğaclara baxıb borcu yazmırlar. Onların sözlərinə görə, Suraxanı rayonu su idarəsi onların yaşadığı binanın düz 50 metrliyində yerləşir, amma bir addımlıqdakı binaya yaxınlaşıb borcu hesablamırlar: “Cənab Prezident, sizə müraciət etməkdə məqsədimiz budur ki, Zaur Mikayılova və Suraxanı su idarəsinə etdiyimiz müraciətlər nəticəsiz qalıb.
Necə olur ki, vətəndaşın hər ay su pulu borcu hesablanır, ödəməyəndə, gecikdirəndə az qala gözünü çıxarırlar, amma biz sakinlərin borcu üst-üstə yığılır, gəlib soruşan yoxdur? Bu da bizim üçün gələcəkdə ciddi problemə səbəb olacaq. Çünki borc vaxtında ödənməyəndə üst-üstə pul yığılır, hamı üçün onu sonradan ödəmək ağır olur. Bizim problemimiz əslində tragikkomikdir. Çünki adətən vətəndaş suyu kəsildiyinə, yaxud borc çox yazıldığına görə şikayət edir. Biz isə xahiş edirik ki, istifadə etdiyimiz suyun borcu hesablansın və ödəniş edək. Nədənsə, Zaur Mikayılov və tabeliyində olan qurum rəhbərləri bizə laqeyd yanaşırlar. Bunun səbəbi bizə aydın deyil. Sanki bizdən acıq çıxırlar, yaxud qisas alırlar. Ancaq elədikləri qanunsuzluqdur”.
Sakinlər Prezidentə müraciətdə xahiş ediblər ki, məsələ nəzarətə götürülsün: “Bizim istəyimiz sadə bir problemin həllidir. Hamı kimi su sayğaclarına baxış keçirib borcun hesablanmasını və ödəniş etməyimizi istəyirik. Əks halda, aylarla istifadə edilən suyun borcu böyük məbləğ olacaq, biz onu birdəfəyə ödəyə bilməyəcəyik. İkincisi, Zaur Mikayılov və Suraxanı su idarəsinin marağı nədədir ki, bütün ölkə boyu abonentlərdən su pulu yığılır, bizdən yox?
Bizim digər abonentlərdən qeyri-adi fərqimiz nədədir? Bəlkə “Azərsu” ölkənin su ehtiyatlarından bizə pay ayırıb xəbərimiz yoxdur? Bəlkə büdcəyə xeyir vermək istəmirlər?
Bu suallar bizim üçün də qaranlıqdır. Yəni bu məsələdə anlaşılmayan bir qərəz hiss olunur. Çox xahiş edirik ki, dövlət başçısına etdiyimiz bu müraciətə baxılsın”.//neqativ.com