“Azəraqrar”ın əsl rəhbəri kimdir? – Nazirin sabiq komandirinin maaşı 7 dəfə artırılıb?
- 6-03-2026, 15:28
Məlumatlara görə, yeni rəhbərlik əvvəlki direktor Fəda Abbasovun dövründə çalışan bir sıra əməkdaşlarla əmək münasibətlərinə xitam verib. Lakin iddialara görə, bu “təmizləmə” prosesi heç də bütün əməkdaşları əhatə etməyib.
Qurum daxilindən sızan məlumatlarda Fəxrəddin Qəhrəmanovun adı xüsusilə vurğulanır. Bildirilir ki, o, Kənd Təsərrüfatı naziri Məcnun Məmmədovun vaxtilə hərbi xidmətdə komandiri olub və sonradan nazirliyin sistemində fəaliyyətə başlayıb.
İddialara görə, hazırda “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin yeni direktoru nazirin sabiq komandiri Fəxrəddin Qəhrəmanovu özünün əsas himayədarı kimi görür. Bu səbəbdən də MMC-nin əslində Hikmət Hüseynov və Fəxrəddin Qəhrəmanov tərəfindən müştərək idarə olunduğu qeyd edilir.
Digər bir sensasiyalı iddia isə texniki təminatla bağlıdır. Məlumata görə, Fəxrəddin Qəhrəmanov MMC-nin balansındakı texnikalara cavabdeh şəxsdir. Lakin hazırda qurumun texnikalarının 90 faizinin nasaz olduğu bildirilir. Buna baxmayaraq, Fəxrəddin Qəhrəmanov və komandasının işləməyən texnikaların adına yanacaq, sürtkü yağları və ehtiyat hissələri yazdıraraq dövlət vəsaitlərini mənimsədiyi iddia olunur.
Həmçinin bildirilir ki, Hikmət Hüseynov başda Fəxrəddin Qəhrəmanov olmaqla, ətrafındakı bir neçə nəfərin əməkhaqqını 7-8 dəfə artırıb. Eyni zamanda, seçilmiş müəyyən əməkdaşlara külli miqdarda əlavə pul mükafatlarının verildiyi də gələn xəbərlər sırasındadır.
YeniÇağ.az