Xaçmaz MKTB-də “ölü canlar” iddiası: əməkhaqqı kartları kimlərin əlindədir?
Manşet / Xususi Bölmə
Bu gün, 12:36


Xaçmaz MKTB-də “ölü canlar” iddiası: əməkhaqqı kartları kimlərin əlindədir?

Xaçmaz Mənzil-Kommunal Təsərrüfat Birliyinin son dövrlərdə xidməti ərazilərin təmizliyi istiqamətində fəaliyyəti qənaətbəxş təsir bağışlasa da, birliyin daxilində bəzi xoşagəlməz halların baş verdiyi bildirilir.

“7Times.az”a məlumat verən etibarlı mənbənin sözlərinə görə, MKTB-yə bu ilin yanvar ayında müdir təyin edilən Mikayıl Müslümov bir neçə nəfərin adını rəhbərlik etdiyi idarədə işçi kimi sənədləşdirərək onların aylıq əməkhaqqı kartlarını özündə saxlayıb. Adları sənədləşdirilən şəxslərin Nəzərov Rasim və Bahadurov Eşqin olduğu bildirilir. Hər iki şəxsin idarəyə gəlib-getmədiyi, yalnız adlarına əmək stajı hesablanması qarşılığında bu vəziyyətlə məqsədli şəkildə razılaşdırıldığı iddia olunur.

Qeyd edək ki, hazırda sözügedən işçilərin hər birinin aylıq əməkhaqqısı 372 manat təşkil edir. Mənbənin verdiyi məlumata görə, bu iki şəxsdən başqa, eyni qaydada adı işdə, əməkhaqqı kartı isə rəhbər şəxslərdə olan Vadim adlı bir nəfər də olub. Həmin şəxsin bir müddət əvvəl vəfat etdiyi bildirilir.

Digər bir iddia isə Xaçmaz MKTB-nin yeni direktorunun özünə məxsus yük avtomobilini əlavə qazanc mənbəyinə çevirməsi ilə bağlıdır. Belə ki, Mikayıl Müslümov həmin idarəyə müdir təyin olunduqdan sonra şəxsi mülkiyyətində olan yük avtomobilini MKTB-nin balansına icarəyə verib.

İddialara görə, həmin avtomobil hazırda işlək vəziyyətdə olmasa da, mütəmadi olaraq onun yanacaq və digər istismar xərcləri rəsmiləşdirilir.

Qeyd olunan faktlarla bağlı münasibət öyrənmək üçün Xaçmaz MKTB-nin müdiri Mikayılla Müslümovla əlaqə saxladıq.

O, “7Times.az”a verdiyi şifahi açıqlamada səsləndirilən iddiaların həqiqəti əks etdirmədiyini bildirib

7Times.az

Son xəbərlər