"İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası" dəyişib, sənəd üçün strateji layihələr müəyyənləşib
- 6-02-2026, 18:46
Dövlət başçısı bununla bağlı yeni fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra sənaye məhəllələrinin rezidentlərinin investisiya təşviqi sənədi almaq üçün təqdim etdiyi strateji investisiya layihələrində minimal dəyəri 1 milyon manat olmalıdır.
Bundan başqa, fərmana əsasən, ölkə Prezidentinin müəyyən etdiyi istiqamətlər üzrə həyata keçirilən strateji investisiya layihələrini təqdim edən hüquqi şəxslərə və fərdi sahibkarlara investisiya təşviqi sənədi 2023-cü il yanvarın 1-dən 6 il ərzində verilir.
İqtisadiyyat Nazirliyi fərmandan irəli gələn məsələləri həll etməlidir.
İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri aşağıdakılardır:
1. Yerli xammal bazasına (metal filiz, alüminium, neft, qaz, kimya, tikinti materialları, pambıq və barama) əsaslanan istehsal layihələri;
2. Bərpaolunan enerji mənbələri hesabına enerji istehsalı layihələri;
3. Tullantıların idarə olunması və təkrar emalı layihələri;
4. Dəniz suyunun duzsuzlaşdırılması layihələri;
5. Özəl sənaye məhəllələrinin yaradılması layihələri və sənaye məhəllələrinin rezidentlərinin həyata keçirdiyi istehsal layihələri;
6. 2023-cü il yanvarın 1-dən sonra keçirilən investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən qeyri-neft/qaz sənayesi müəssisələrinin istehsal layihələri;
7. İstehsalı ilk dəfə təşkil edilən, yerli məhsullarla özünü təminetmə səviyyəsini (idxalın əvəzlənməsini) və ya qeyri-neft sektorunun ixrac potensialının artırılmasını təşviq edən iqtisadi fəaliyyət sahələrinin yaradılması istiqamətində həyata keçirilən "Azərbaycanda ilk" ("First in Azerbaijan") layihələri;
8. Dərman vasitələrinin və əczaçılıq məhsullarının istehsalı (qablaşdırma fəaliyyəti istisna olmaqla) layihələri;
9. Dəmir yolu hərəkət tərkibinin təmiri və onun ehtiyat hissələrinin istehsalı layihələri;
10. Hərbi təyinatlı məhsulların istehsalı layihələri.