Azərbaycan–Vyetnam Strateji Tərəfdaşlığı Yeni Mərhələdə
Sosial
9-05-2025, 16:31

Azərbaycan–Vyetnam Strateji Tərəfdaşlığı Yeni Mərhələdə

To Lamın Bakıya Dövlət Səfərinin Əhəmiyyəti
2025-ci il mayın 7-də Vyetnam Sosialist Respublikasının Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfəri iki ölkə arasında diplomatik münasibətlərin inkişafında yeni bir mərhələ açdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuata verdiyi bəyanat isə bu səfərin yalnız protokol xarakterli olmadığını, əksinə, real və praktiki nəticələrə hesablandığını bir daha təsdiqlədi.
Prezident İlham Əliyevin bəyanatında səfərin nəticələrinin uğurlu olacağına dair ifadə edilən inam və optimizm, tərəflər arasında mövcud olan siyasi iradənin və əməkdaşlıq niyyətinin bariz nümunəsidir. Səfər zamanı imzalanmış çoxsaylı sənədlər sırasında xüsusilə diqqət çəkən və strateji əhəmiyyət kəsb edən "Azərbaycan Respublikası ilə Vyetnam Sosialist Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanat" oldu. Bu sənəd, iki ölkə arasında əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərən ciddi siyasi addım hesab edilir. Strateji tərəfdaşlıq səviyyəsinə keçid, Azərbaycanın Asiya istiqamətində çoxşaxəli və balanslaşdırılmış xarici siyasətinin növbəti uğurudur. Bu sənədin imzalanması, təkcə siyasi deyil, eyni zamanda iqtisadi, mədəni və texnoloji sahələrdə də qarşılıqlı layihələrin gerçəkləşməsinə zəmin yaradacaq. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, imzalanmış sənədlər müxtəlif istiqamətləri əhatə edir və bu, iki ölkə arasında əməkdaşlığın geniş spektrə malik olmasından xəbər verir.
To Lamın dövlət səfəri çərçivəsində aparılan danışıqlar zamanı iqtisadiyyat, energetika, nəqliyyat, kənd təsərrüfatı və təhsil sahələrində əməkdaşlıq imkanlarının dərinləşdirilməsi məsələləri əsas gündəm mövzularından biri oldu. Azərbaycan və Vyetnam kimi müxtəlif coğrafi bölgələrdə yerləşən, lakin oxşar inkişaf hədəfləri olan ölkələrin bir-birini tamamlayan sahələrdə əməkdaşlıq etməsi, bu tərəfdaşlığın gələcək üçün nə qədər perspektivli olduğunu göstərir. Sonda qeyd etmək olar ki, Vyetnam Kommunist Partiyasının Baş katibi To Lamın Azərbaycana səfəri və onun nəticəsi olaraq qəbul edilən razılaşmalar, regionlararası əməkdaşlığın gücləndirilməsi və yeni beynəlxalq iqtisadi-siyasi konfiqurasiyaların formalaşması baxımından da əhəmiyyətli bir hadisə kimi tarixə düşəcək. Bu strateji tərəfdaşlıq, yalnız iki ölkənin deyil, həm də Asiya və Qafqaz regionlarının qarşılıqlı faydaya əsaslanan əməkdaşlığı üçün mühüm bir platformaya çevrilə bilər.

Həbib Həbibov – Masallı rayon Banbaşı kəndi
Son xəbərlər