- Fidan xanım, necə oldu ki, bu sahəyə gəldiniz?
- Mən Fidan Abdullayeva, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Korreksiyaedici Təlim ixtisasını bitirmişəm. Bu ixtisası seçməyimin əsas səbəbi özəl uşaqlara olan sonsuz sevgim və onlara yardım etmə istəyim olub. Universitet illərində müxtəlif loqopedik təlimlərdə iştirak etmişəm,bir çox layihələrdə könüllü fəal olmuşam. Daha sonra özümü Duyu Bütünləmə və Psixoloji İdman sahəsində sınamaq qərarına gəldim. Bu iki sahə uşaqların həyat keyfiyyətini yaxşılaşdırmaq və onların gündəlik həyatına müsbət təsir göstərmək baxımından mənim üçün çox vacibdir.
- Neçə ildir ki, bu sahədəsiniz?
- Psixoloji İdman və Duyu Bütünləmə sahəsində 1 ilə yaxındır ki, fəaliyyət göstərirəm. Amma universitet illərimi də nəzərə alsaq, qürurla deyə bilərəm ki, ömrümün 5 ilini özəl uşaqlara həsr etmişəm. Bununla yanaşı, bu müddət ərzində boş dayanmamışam. Müxtəlif sertifikat proqramlarında iştirak etmişəm və daim özümü inkişaf etdirməyə çalışmışam.
- Hal-hazırda harada işləyirsiniz?
- Hazırda Qüsursuz nitq və psixologiya mərkəzinin Zabrat və Sumqayıt filiallarında işləyirəm.
- Öz sahəniz üzrə hansı işləri icra edirsiniz?
- Psixoloji İdman və müalicəvi bədən tərbiyəsi zamanı əsasən aşağıdakı istiqamətlər üzrə işləyirəm:
1.Billateral koordinasiya (Bədənin sağ və sol tərəflərinin eyni anda koordinasiyalı hərəkəti),
2.Tarazlıq və diqqət bacarıqlarının inkişafı,
3.Beyin sinxronizasiyası üçün ikili beyin çalışmalarının tətbiqi.
Duyu Bütünləmə seanslarımızda isə uşaqlarda müşahidə edilən toxunsallıq problemi, səslərə və ya qoxulara həssaslıq, qida seçiciliyi kimi çətinlikləri aşkar edir və müvafiq korreksiya metodlarından istifadə edərək bu problemləri aradan qaldırmağa çalışıram.
- İş prinsipiniz nədən ibarətdir?
- Mənim iş prinsipim uşaqların fərdi ehtiyaclarını diqqətlə araşdırmaq və onlara uyğun yanaşma tətbiq etməkdir. Özəl uşaqların hər birinin özünəməxsus xüsusiyyətləri olduğu üçün fərdiləşdirilmiş proqramlar tərtib edirəm.
Həmçinin, valideynlərlə müntəzəm ünsiyyət quraraq onların da prosesi yaxından izləməsinə şərait yaradıram. İşimdə təcrübə, elmi metodlar və uşaqlara olan sevgimi birləşdirərək, onların həyatına dəyər qatmağa çalışıram.
- Bir mütəxəssis olaraq nəyə "yox"deyirsiniz?
- Bir mütəxəssis olaraq ilk növbədə uşaqların inkişafına mane olan iki əsas məqama “yox” deyirəm:
1.Telefon və televizorun həddindən artıq istifadəsinə:Bu cihazlar uşaqların fiziki, psixi və sosial inkişafına mənfi təsir göstərir.Ekran qarşısında keçirdikləri vaxtı məhdudlaşdırmağı və əvəzində onları daha faydalı, aktiv və yaradıcı fəaliyyətlərə cəlb etməyi dəstəkləyirəm.
2.Valideynlərin təlim prosesindən kənarda qalmasına: Uşaqların inkişafı yalnız mütəxəssisin işi deyil. Valideynlərin də dəstəyi və əməkdaşlığı bu prosesin ən vacib hissəsidir. Əgər valideyn bu prosesdən uzaq qalarsa, nəticələr tam olaraq istənilən səviyyədə olmur.
- Son zamanlarda sizə daha çox nə ilə bağlı müraciətlər olur?
- Son zamanlar valideynlər, əsasən,uşaqlarının diqqətini toplamaqda çətinlik çəkmələri və hərəkət koordinasiyası ilə bağlı müraciət edirlər. Həmçinin, duyu problemləri – məsələn, toxunmaya, səslərə və ya yeməyə qarşı həssaslıq kimi məsələlər çox ön plana çıxır.
Valideynlər, xüsusilə, uşaqların telefon və televizor qarşısında keçirdikləri vaxtın uzun olması nəticəsində yaranan sosial və psixoloji çətinliklərlə bağlı narahatdırlar. Bu, uşaqların həm məktəbdə, həm də gündəlik həyatda uyğunlaşmalarına təsir edə bilir.
Qida seçiciliyi və yemək vərdişləri ilə bağlı müraciətlər üstünlük təşkil edir. Davranış çətinlikləri və emosional problemlərlə bağlı da valideynlər mənə müraciət edirlər.Mən də hər bir müraciəti çox diqqətlə dinləyir, uşağın xüsusiyyətlərinə uyğun fərdi yanaşmalarla kömək etməyə çalışıram. Uşaqların inkişafı və onların həyat keyfiyyətinin yaxşılaşdırılması hər zaman mənim üçün ən önəmli mövzudur.
- Xarakter olaraq necə birisiniz?
- Xarakter olaraq necə birisiniz?
Hər birşeyi həddən artıq çox düşünən, həssas və emosional biriyəm.
Əlaqə nömrəsi: (055) 778 13 00
İnstagram: @feedan.mbt